Bu ağac öləcək | Ramiz Rövşən

Bu ağac öləcək,
Üzündən gözündən tökülür ölüm.
Bu ağac öləcək
Bu gün ya sabah.
Bu ağaca qonan o quş öləcək,
Üzündən gözündən tökülür ölüm.
O quş da öləcək
Bu gün ya sabah.
O quşa dən səpən o qız öləcək,
Üzündən gözündən tökülür ölüm.
O qız da öləcək 
bu gün ya sabah.

O qızı sevməyə dəyməz.
O quşa baxmağa dəyməz.
Ağaca çıxmağa dəyməz.

Ağaca çıxmadım.
Quşa baxmadım.
Qızı sevmədim.

Quş uçdu isti bir yerə,
Qız getdi,
qız getdi ərə,
Ağac da ki, durur hələ.
Bir mənəm bir də ağac
Kəndir tapıb
bu ağacdan asılmağa
qaldı əlac.
 

0 şərh